Sunday, June 22, 2008


Sizə son bir neçə il ərzində Yevlax rayonunda hökm sürən özbaşınalıq və hərc-mərcliyin məntiqi sonluğu barədə məlumat vermək istərdik.

Yevlax rayon İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev rayona rəhbər vəzifəyə təyin olunduğu vaxtdan son günlərədək sahibkarlıq fəaliyyəti ilə məşğul olan Nəsibov Feyruza qarşı çirkin və qərəzli kompaniya təşkil etmiş, rayon hüquq mühafizə orqanlarının dəstəyi və fəal iştirakı ilə əmlakını talan etmiş, ailəsini maddi-mənəvi sarsıntılara məruz qoymuşdur.

Feyruz Nəsibov bu barədə hər dəfə məhkəmə və hüquq mühafizə orqanlarına şikayət etməsinə baxmayaraq heç bir tədbir görülməmiş, göstərilənlərə dözməyərək bir neçə ay bundan əvvəl ailə üzvləri ilə birlikdə Yevlax rayonunu tərk etmişdir. Buna baxmayaraq, Feyruz Nəsibova qarşı əsassız kin və düşmənçilik hissləri ilə yaşayan Elmar Vəliyev əvvəl etdikləri ilə kifayətlənməyərək onu fiziki cəhətdən məhv etmək üçün müxtəlif vaxtlarda Feyruz Nəsibova qarşı sui-qəsd planları qurmuş, nəhayət məqsədinə nail olmuşdur.

2008-ci ilin 25 may tarixində saat 17 radələrində Feyruz Nəsibovun Bakı şəhərindən Gəncə şəhərinə hərəkət etdiyi avtomobili Yevlax rayonunun Xaldan qəsəbəsi ərazisindən başlayaraq Qaçqınkomun Yevlax şöbəsinin müdiri İlham Seyidovun rəhbərlik etdiyi silahlı dəstə tərəfindən saxta dövlət qeydiyyat nişanlı BMW markalı avtomobil ilə təqib edilməyə başlanmışdır. Feyruz Nəsibov silahlı cinayətkarlardan xilas olunmaq üçün avtomobilini Mingəçevir şəhərinə sürdürmüşdür. Bütün yol boyu, hətta Mingəçevir şəhəri ərazisində, insanların gözü qarşısında davam edən qovalama ərzində silahlı cinayətkar onları silahla təhdid etmiş, avtomobili sıxışdıraraq yolun hərəkət hissəsindən çıxarmağa, onun yolunu kəsərək saxlamağa cəhd etmişdirlər. Silahlı qovalamanın Mingəçevir şəhəri ərazisində də davam etdirildiyini görən Feyruz Nəsibov polis idarəsində sığınacaq tapacağını güman edərək, avtomobilini Mingəçevir şəhər polis idarəsinə yönəltmişdir. Lakin azğınlaşmış, nə Allah, nə də dövlət tanıyan silahlı cinayətkarlar polis idarəsinin qarşısında onun avtomobilini vuraraq, Feyruz Nəsibovu qətlə yetirmişdirlər.

Hazırda həmin şəxslərdən yalnız 2 nəfər, o cümlədən İlham Seyidov polis tərəfindən saxlanılmışdır. Faktla əlaqədar cinayət işi qaldırılmışdır.
Heç bir şübhə yoxdur ki, İlham Seyidovun başçılıq etdiyi dəstə bu qətli Yevlax rayon İcra hakimiyyəti başçısı Elmar Vəliyevin sifarişi ilə yerinə yetirilmişdir.
Son vaxtlar həyatları üçün ciddi təhlükə yarandığından Feyruz Nəsibov ailəsi ilə birlikdə Yevlax rayonundan başqa yerə köçərək, ona qarşı qəsd ediləcəyi barədə Azərbaycan Respublikasının Baş Prokurorluğuna və Daxili İşlər Nazirliyinə məlumat vermişdir. Həmin məlumatlarda Feyruz Nəsibov hazırlanan cinayətin təşkilatçılarının və icraçılarının adlarını belə göstərmişdir. Lakin hüquq mühafizə orqanları bu məlumatlara heç bir reaksiya vermədi, Feyruz Nəsibovun təhlükəsizliyini təmin etmədi, qətl hadisəsinin qarşısını almadı.

Hüquq-mühafizə orqanlarının hərəkətsizliyini çox səbəblə izah etmək olar. Lakin bunlardan ən birincisi göz qabağındadır. Azərbaycan Respublikasının baş prokurorunun müavini, eyni zamanda Respublikanın hərbi prokuroru Xanlar Vəliyev Feyruz Nəsibova qarşı bütün təhdid, təqib və qəsdlərin təşkilatçısı Elmar Vəliyevin doğmaca qardaşıdır. Məhz Xanlar Vəliyevin baş prokurorun müavini olması səbəbindən məhkəmə və hüquq mühafizə orqanları Elmar Vəliyevin bütün cinayətlərinə göz yummaqla yanaşı, onun bütün qanunsuz göstərişlərini yerinə yetirirlər.

Feyruz Nəsibovun qətlindən əvvəl müxtəlif orqanlara, o cümlədən məhkəmə və hüquq mühafizə orqanlarına göndərdiyi müraciətlər, habelə digər məlumatlar bu bloqda dərc ediləcəkdir.

No comments: